Peşə Təhsil Mərkəzi kadrların hazırlanması istiqamətində əməkdaşlıq əlaqələrini genişləndirir
19 yanvar
2021-ci ildə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə
Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan “MİDA” MMC arasında hər iki
müəssisənin geniş elmi və istehsalat bazasının, təcrübəli ixtisaslı kadrlarının
mövcudluğunu, habelə müvafiq sahələrdə bilik və bacarıqlarının inkişaf
etdirilməsinin zəruriliyi nəzərə alınaraq, razılaşdırılmış mövqelərini və birgə
fəaliyyətini müəyyən edən Anlaşma Memorandumu imzalanmışdır.
Peşə
Mərkəzinin şirkətlə əməkdaşlıq qurmasının əsas məqsədi Mərkəz təhsilalanlarının
ixtisaslı kadrlara çevrilməsinə dəstək verməkdən ibarətdir. Ölkədə müasir
tələblərə cavab verən yeni nəsil işçi qüvvəsinin hazırlanması istiqamətində
birgə fəaliyyət göstərəcək hər iki təşkilat kifayət qədər geniş elmi texniki
laboratoriyalara və istehsalat bazasına, təcrübəli ixtisaslı kadrlara malikdir.
Əldə olunmuş razılığa əsasən “İnşaat”, “Sənayedə quraşdırma” və
“Elektrotexnika” istiqamətləri üzrə birgə fəaliyyətlər nəzərdə tutulub.
Həmçinin, memorandum çərçivəsində razılaşdırılmış 3 istiqamət üzrə peşəkar
kadrların yetişdirilməsi məqsədilə birgə tədris proqramlarının hazırlanması,
eləcədə şirkət nümayəndələri tərəfindən Mərkəzdə ixtisasartırma və
təkmilləşdirmə kurslarından yararlanması nəzərdə tutulub. Qeyd edək ki,
əməkdaşlıq çərçivəsində razılaşdırılmış istiqamətlər üzrə təhsilalanların
istehsalat təcrübə proqramlarında iştirak etməsi, habelə təcrübə
proqramlarındakı iştirakı müsbət dəyərləndirilmiş şəxslərin işlə təmin olunması
nəzərdə tutulub.
