Mərkəz haqqında

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Azərbaycan  Republikası Nazirlər Kabinetinin 11 oktyabr 2016-cı il tarixli 405 N-li qərarı ilə Azərbaycan və Koreya hökumətləri arasındakı razılaşmaya uyğun olaraq, Koreya İqtisadi İnkişaf və Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə yaradılmışdır.


Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi – Beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına hazır rəqabətqabiliyyətli kadrlar hazırlığını həyata keçirən peşə təhsili müəssisəsidir.


Mərkəzdə sənaye qurumlarında istehsal proseslərini təşkil edən və innovativ texnologiyalarla işləmək bacarığına malik olan mütəxəssislərin hazırlanması nəzərdə tutulur.


Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında fəaliyyət göstərən Peşə Təhsil Mərkəzində tədris prosesinə ixtisaslı mütəxəssislər cəlb olunaraq, 3 ay müddətində Koreyada təlimlər keçirilmişdir.


Koreyalı və yerli mütəxəssislər, eləcə də işəgötürənlərin nümayəndələri tərəfindən keçirilən təlimlərdə ümumilikdə 24 yerli mütəxəssis iştirak etmişdir. Təlimlər “Azərbaycanda peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası çərçivəsində peşə təhsili sisteminə ixtisaslı yeni  mütəxəssislərin cəlb edilməsi istiqamətinə uyğun təşkil olunmuşdur.


Təlimlərdə kurikulumlar, modul yanaşma, peşə standartlarının rolu, əsas səriştələr, əsas pedaqoji anlayışlar, peşə təhsilində istehsalat təlimi və təcrübəsi barədə məlumatlar verilmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmış, təlimçilər mərkəzdə tətbiq olunacaq beynəlxalq standartlara uyğun yeni təhsil proqramı ilə tanış olmuşlar.


Yeni Peşə Təhsil Mərkəzi ən müasir maddi-texniki baza ilə təchiz olunmuş və 8 istiqamət - İKT, avtomobil, mexanika, sənayedə quraşdırma işləri, elektronika, elektrik  mühəndisliyi, avtomatlaşdırma və inşaat - üzrə 1000-dən artıq kadrın hazırlanması məqsədilə 2019-2020-ci tədris ilində fəaliyyətə başlamışdır.


Mərkəzdə Koreya ekspertləri tərəfindən hazırlanan və  milli təhsil sisteminə uyğunlaşdırılan təhsil proqramları tətbiq olunur. Proqramda  60-70 faiz praktik məşğələlərə əsaslanan metoda xüsusi yer ayrılıb.


Tələbələrin bu ixtisaslar üzrə 1 və 3 illik təhsil alması üçün bütün lazımi imkanlar yaradılmışdır. Məşğulluğun artırılması məqsədilə qısa müddətli ixtisasartırma kurslarının da təşkil olunması gözlənilir.


Təhsil kompleksi əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyir. Mərkəzdə fəaliyyət göstərən 2 yataqxananın hər birində 90 nəfər tələbənin yaşaması üçün bütün lazımi şərait yaradılmışdır.