Koreya Respublikası Milli Assambleyası Təhsil Mərkəzində
Oktyabrın
11-də Koreya Respublikası Milli Assambleyasının nümayəndə heyəti Azərbaycana rəsmi
səfəri çərçivəsində Koreya təhsil standartları əsasında yaradılmış Sənaye və
İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub.
Nümayəndə
heyətinin üzvləri Azərbaycanda Koreya təhsil modeli əsasında yaradılmış, ən
müasir maddi-texniki baza ilə təchiz olunmuş Peşə Təhsil Mərkəzinin
infrastrukturu ilə yaxından tanış olublar, mərkəzə məxsus emalatxanalarda və tədris-mühazirə
otaqlarında gedən dərs prosesində iştirak ediblər.
Mərkəzin
direktoru Rəşad Xanlarov koreyalı qonaqlara təhsil ocağı haqqında ətraflı məlumat
verib və burada aparılan islahatlardan, mərkəzin strateji inkişaf hədəflərindən
danışıb. Qeyd olunub ki, mərkəzdə tədris edilən nəzəri və praktik dərslər
ölkə iqtisadiyyatının əsas inkişaf prioritetinə uyğun olaraq səkkiz istiqamətdə
müəyyən edilib. Mərkəz istedadları aşkar etməyi, onların müvafiq sahədə
inkişafına şərait yaratmağı, fərqli yaş qruplarından olan şəxslər üçün ömürboyu
təhsil imkanları təqdim etməyi qarşısına məqsəd qoyub. Müvafiq məqsədlərə nail
olmaq üçün mərkəz sənaye qurumları ilə məqsədyönlü əməkdaşlıq etməkdədir.
Qeyd edək ki, Təhsil Nazirliyi və Koreya Respublikasının “KT Konsorsium”
şirkəti arasında imzalanan saziş əsasında 2016-cı ildə yaradılan Sənaye və
İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi beynəlxalq təhsil standartlarına əsaslanan,
qlobal sənaye ehtiyaclarına cavab verən rəqabətqabiliyyətli kadr hazırlığını həyata
keçirən peşə təhsili müəssisəsidir. Mərkəzdə tədris prosesi tam yeni formatda
Koreyada təlim keçmiş ixtisaslı mütəxəssislər tərəfindən təşkil olunur.