"Kaş ki, əvvəldən burada təhsil alaydım” – Peşə məktəbindən razı gənc -Müsahibə
“İxtisasım üzrə iş tapmaq qərarına gəldim. Bu dəfə də iş tapa
bilmirdim. Müraciət etdiyim hər yerdə 2 illik iş təcrübəsi tələb
edirdilər. Beləcə hər yerdən əliboş qayıdırdım”.
Bu sözləri AzEdu.az-a müsahibəsi zamanı Sənaye və
İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzinin nəzdində Koreya
standartları əsasında yaradılan Peşə Təhsili Mərkəzinin mexanika ixtisası
tələbəsi Xətai Rzazadə bildirib.
Azərbaycan Dövlət
Dənizçilik Akademiyasının məzunu olan X.Rzazadə ixtisasını sevərək seçsə də, iş
tapa bilməyib. Elə buna görə də peşə təhsili almaq qərarına gəlib:
“2015-ci ildə
Azərbaycan Dövlət Dənizçilik Akademiyasına qəbul olduqdan sonra Bakıya gəldim.
Ailəmlə birlikdə yaşayıram. 2 bacım Bakı Dövlət Universitetini, qardaşım
Azərbaycan Texniki Universitetini bitirib.
2019-cu ildə
ADDA-nı bitirdikdən sonra magistraturaya hazırlaşsam da, qəbul ola
bilmədim. Sonradan ixtisasım üzrə iş tapmaq qərarına gəldim. Bu dəfə də iş tapa
bilmirdim. Müraciət etdiyim hər yerdə 2 illik iş təcrübəsi tələb
edirdilər. Beləcə, hər yerdən əliboş qayıdırdım.
Ali təhsil
aldığım üçün peşman deyiləm. Ali təhsil mənə çox şey qazandırdı: əvəzsiz
müəllimlər, qrup yoldaşları və s. Mühazirə otağında oturmağın özü belə misilsiz
xatirə kimi yaddaşımda iz qoydu. ADDA-da vəziyyət digər universitetlərdən bir
qədər fərqli idi; saç-saqqal səliqədə, daim vahid geyim formasında
olmalıydıq. Tələbələr arasında ayrıseçkilik olmur, hamı eyni formada eyni
qaydada təhsil alırdı.
Gəmiqayırma və gəmi
təmiri ixtisasını da sevərək seçmişdim. Onu, gələcəyin ixtisası hesab
edirdim. Asanlıqla iş tapacağımı da zənn eləsəm də, heç də düşündüyüm
kimi olmadı. Elə buna görə də, yenidən başqa təhsil almaq
qərarına gəldim”.
“İnsan daim öz üzərində işləməlidir”
Ali təhsilli olduğu üçün peşə təhsili mərkəzinə iddialı gələn
Xətai, sonradan, bu fikrin yanlış olduğunu görüb:
“Məncə, elm elə bir
şeydir ki, bir ucdan dolduqca bir ucdan boşalır. Bildiklərimizi daim
təkrarlamaq lazımdır. Ali təhsilli olduğum üçün bura daha iddialı gəlmişdim.
Bəzən sıxılır, dərslərdə oturmaq istəmirdim. Amma bu hissi içimdə tez bir
zamanda boğurdum. Çünki ali təhsil həyata tam hazır olmaq demək deyil. İnsan
daim öz üzərində işləməlidir”.
“Biz onlardan çox şey öyrənə bilərik”
Söhbət əsnasında, həmsöhbətimiz, yeni peşə təhsili müəssisəsini
seçmə səbəbindən də danışır:
“Məni bu peşə təhsili
müəssisəsində çəkən ilk şey Koreya standartları oldu. Onların texnoloji
biliklərinə az-çox bələd olduğum üçün tərəddüd etmədən qeydiyyatdan keçdim.
Koreya hazırda dünyada ən çox inkişaf edən dövlətlər sırasındadır. Biz onlardan
çox şey öyrənə bilərik. Bura yeni açılıb, eşitdiyim qədərilə təhsil tamam
fərqli qaydada təşkil ediləcək”.
“Aparatlar sanki insanı, öyrənməyə, onlar üzərində işləməyə
çağırırdı”
X.Rzazadə əvvəllər peşə təhsili haqda elə də yaxşı düşünməsə də
artıq fikirləri tamamilə dəyişib. Həm dərsləri, həm də müəllimlərini çox
sevən Xətai, onlar haqda ağız dolusu danışdı:
“Əvvəllər peşə
məktəbləri haqda heç də yaxşı olmayan fikirlər eşitmişdim. Buranı da digərləri
kimi zənn edirdim. Hətta bir-iki ay oxuduqdan sonra çıxmaq fikrim var idi.
Lakin bura gəlib, istər monual, istərsə də rəqəmsal dəzgahları gördükdən sonra
fikrim dəyişdi. Aparatlar sanki insanı, öyrənməyə, onlar üzərində işləməyə
çağırırdı. Xüsusilə də, rəqəmsal aparatlar daha maraqlıdır. Onlarla tam
təhlükəsiz şəraitdə lazımı detalları hazırlamaq olar. Bunları istənilən sahədə:
maşınqayırma, gəmiqayırma, silahqayırma və s. istifadə etmək olar. Burda
bir çox ixtisaslar var. Amma mənə görə, ən əsası, mexanikadır. Çünki istənilən
ixtisas üçün müəyyən avadanlıq lazım olur. Bu avadanlıqlar da məhz
mexanikada hazırlanır. Elə dərs otaqlarında da ilk mexanika kabineti gəlir.
Dərslər, eynilə,
deyildiyi kimi, 20 faiz nəzəri 80 təcrübə əsaslarla keçirilir. Bizə
mühazirə otağında nəzəri biliklər verilir, daha sonra təcrübə otaqlarında
öyrəndiklərimizi tətbiq edirik. Həftənin ən az 3 günü praktika
otaqlarında oluruq.
Bizim ixtisasda dərs
deyən 3 müəllimin hər biri Koreyada təcrübə keçiblər. Burda dərsliklərimiz də
daha öyrədicidir. Məsələn, metalla iş adlı fənnimiz var. Dərslikdə həmin fənnin
nəzəri bilikləri öyrədilirsə, praktikada artıq metalı hazırlamaq üçün bizə
praktiki şəkildə təqdim edirlər. Praktikanı da əvvəl müəllimlərimiz
göstərir. İstənilən tələbə üçün ayrı manual dəzgahlar var. Hər
birimiz rahat öyrənə bilirik. Müəllimlərin verdiyi sərbəstlik nəticəsində
hamı öz fikrini səsləndirə bilir”.