Türkiyə Respublikasının Milli Təhsil naziri ilə Mərkəzdə görüş
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
oktyabrın 10-da Türkiyə Respublikasının Milli Təhsil naziri Ziya Selçukun
başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Türkiyənin Milli Təhsil
naziri ilə birlikdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə
Respublikasının Milli Təhsil nazirinin müavini, Azərbaycan Respublikası
Milli Təhsil nazirinin müavini İdris İsayev, eləcə də, Peşə Təhsili üzrə Dövlət
Agentliyinin direktoru Pərviz Yusifov iştirak edib.
Görüşün məqsədi qonaqları Azərbaycanda Koreya Təhsil modeli əsasında yaradılmış
yeni pilot layihə ilə yaxından tanış etmək olub. Qonaqlar Təhsil mərkəzinin
infrastrukturu ilə yaxından tanış olub, emalatxana və tədris-mühazirə
otaqlarında gedən dərs prosesində iştirak ediblər.
Görüşdə Mərkəzin direktoru Rəşad Xanlarov Türkiyənin nümayəndə heyətinə təhsil
ocağı haqqında ətraflı məlumat verib və burada aparılan islahatlardan, mərkəzin
strateji inkişaf hədəflərindən danışıb. Rəşad Xanlarov onu da bildirib ki,
mərkəzdə tədris edilən nəzəri və praktik dərslər ölkə iqtisadiyyatının əsas
inkişaf prioretitinə uyğun olaraq səkkiz istiqamətdə müəyyən edilib.
Bununla yanaşı, qonaqlara mərkəzdə görülmüş işlər, mövcud və qarşıda duran
prioritetlər məsələlər haqqında ətraflı məlumat verilib.
Təhsil Nazirliyi və Koreya Respublikasının “KT Konsorsium” şirkəti arasında
imzalanan saziş əsasında 2016-cı ildə yaradılan Sənaye və İnnovasiyalar üzrə
Bakı Dövlət Peşə Təhsil Mərkəzi beynəlxalq təhsil standartlarına əsaslanan,
qlobal sənaye ehtiyaclarına hazır rəqabətqabiliyyətli kadrlar hazırlığını həyata
keçirən peşə təhsili müəssisəsi olduğu qonaqların nəzərinə çatdırılıb.