Müəssisəmizə qəbul tam orta təhsil haqqında attestat
əsasında aparılır. Qəbul müəssisəsinin sərbəst seçimi əsasında müsabiqə yolu
ilə həyata keçirilir. Müsabiqədə iştirak ödənişsizdir.
Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini
itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili
müəssisələrinə qəbulu müsabiqədənkənar aparılır.
Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri
(buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) peşə təhsili
müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak etmirlər.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin peşə
təhsili müəssisələrinə qəbulu "Azərbaycan Respublikası vətəndaşlarının
xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasında təhsil alması Qaydaları”na əsasən həyata keçirilir.
Sağlamlıq imkanları məhdud şəxslərin peşə təhsili
müəssisələrinə qəbulu "Sağlamlıq imkanları məhdud olan şəxslərin
peşə-ixtisas təhsili müəssisələrinə qəbulu Qaydası”na uyğun olaraq aparılır.
Peşə təhsili müəssisələrinə qəbul üzrə müsabiqədə
iştirak etmək istəyən şəxslər Sənayə və İnnovasiyalar Bakı Dövlət Peşə Təsil
Mərkəzinin Elektron sənəd qəbulu sistemində "Elektron ərizə”ni dolduraraq,
təsdiq edilməsi üçün şəxsiyyət vəsiqəsi və attestatının surətini müvafiq
qaydada əlavə edirlər.
Peşə təhsili müəssisələrinə ilk peşə təhsili və
texniki peşə təhsili səviyyələri üzrə qəbul ərizəçinin attestatında göstərilən
müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır.
Müsabiqədə iştirak edən şəxs tərəfindən saxta və ya
başqasına aid sənədlərin təqdim edilməsi halı aşkar edildikdə, onun müsabiqə
nəticələri ləğv edilir. Müsabiqənin nəticələri barədə məlumat müsabiqədə
iştirak edən şəxslərin elektron poçt ünvanına və ya telefonuna bu barədə mesaj
göndərilir.
Peşə təhsili müəssisəsinə qəbul olmuş şəxs sənədlərini
Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən müsabiqənin nəticələri
rəsmi elan edildikdən sonra 10 (on) gün müddətində təqdim etməklə qeydiyyatdan
keçməlidir.
Qəbul olmuş şəxsin qeyd olunan müddətdə qəbul olunduğu
peşə təhsili müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə
təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Qəbul və onun nəticələri ilə bağlı vətəndaşların
müraciətlərinə baxılması üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi
tərəfindən Apelyasiya Komissiyası yaradılır.
Müsabiqədə iştirak etmiş şəxs Apelyasiya Komissiyasına
şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə, şəxsən müraciət
etməlidir.
Müsabiqədə iştirak etmiş şəxs Apelyasiya Komissiyasının qərarından narazı qaldıqda, müsabiqənin nəticəsi ilə bağlı inzibati qaydada və ya məhkəməyə şikayət verə bilər.