Məzun - Kamran Sazayırovun uğur hekayəsi
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi məzunlarının karyera inkişafindakı nailiyyətlərinə dair uğur hekayələrini qələmə almaqda davam edir. Bu siyahıdan olan növbəti müsahibimiz Kamran Sazayırov Mərkəzin uğurlu gəncləri sırasındadır. Kamran “Avtomobil diaqnostikası və təmiri üzrə usta” ixtisasının məzunudur.
Nə üçün avtomobil sahəsi üzrə peşə təhsili almağı seçdiniz? Mərkəzdə təhsil almaq karyeranızın inkişafında nə kimi rol oynadı?
Avtomobil ixtisasını seçməyimə səbəb bu sahəyə olan xüsusi marağımdan irəli gəlmişdi. Peşə təhsilinin karyera inkişafımda faydalı olacağını düşündüm apardığım araşdırmalar nəticəsində Mərkəzlə tanış oldum. Mərkəz haqqında məlumat aldığım zaman praktiki məşğələlərə üstünlük verilməsi diqqətimi cəlb edən məqamlardan oldu. Çünki, ümumiyyətlə peşə təhsilinin ən əsas üstünlüyü zənnimcə təcrübəyə əsaslanan dərslərin təşkil olunmasıdır. Mərkəzdə təhsil almağım ixtisasım üzrə mənə kifayət qədər bilik və bacarıq, həmçinin təcrübə qazandırdı. Bundan əlavə tanınmış servislərdən birində işlə təmin olundum. Hal-hazırda “Şərq Motors”da “avtomobil diaqnostikası və təmiri üzrə köməkçi” vəzifəsində çalışıram.
Növbəti tədris ilindən etibarən təhsilini bu Mərkəzdə davam etdirmək istəyən şəxslərə nə tövsiyə edərdiniz?
Təcrübəmə əsaslanaraq qeyd edə bilərəm ki, peşə təhsili almaq üçün Mərkəzi seçərək tələbələr sırasına daxil olan şəxslərin qazanacaqları kifayət qədər bilik və bacarıq imkanları mövcuddur. Yüksək səviyyəli pedoqoji heyətin olması, 60-70% praktiki məşğələlərə əsaslanan təhsil proqramı, müasir avadanlıqlarla təchiz olunmuş emalatxanalar, əməkdaşlıq edilən şirkətlərdə təcrübə imkanı, işlə təmin olunma şansının yüksək olması, hətta 3 illik təhsil aldığınız zaman subbakalavr səviyyəsini uğurla başa vurub ali təhsil almaq imkanının olması kifayət qədər böyük üstünlüklərdir. Vaxtınızı səmərəli istifadə edib Mərkəzin imkanlarından maksimum yararlansanız karyera addımındakı nəticəniz də bizlər kimi uğurlu olacaq.