Koreya təhsil standartları əsasında yaradılan Peşə Təhsil Mərkəzinə tələbə qəbuluna başlanılır
İyulun 6-da Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında yaradılan Peşə Təhsil Mərkəzinə 2020-2021-ci tədris ili üzrə tələbə qəbulunun başlanılması həyata keçirilir.
Məlumat olaraq qeyd edək ki, Peşə Təhsil Mərkəzinə qəbul olmaq istəyən şəxslər bu təhsil müəssisəsinin rəsmi saytı vasitəsilə (http://bii.edu.az/) elektron qeydiyyatdan keçməlidirlər. Qeyd olunan saytda Koreya təhsil standartları əsasında fəaliyyət göstərən Peşə Təhsil Mərkəzinə qəbul qaydaları, mərkəzin fəaliyyət istiqamətləri barədə ətraflı məlumatı verilib. Qeydiyyat prosesi iyulun 31-dək davam edəcək.
Müsabiqə elektron ərizələrin qiymətləndirilməsi və müsahibə mərhələlərindən ibarətdir.
Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatların uyğunluğu yoxlanıldıqdan sonra tələblərə (tam orta təhsil və texniki fənlər üzrə yüksək qiyməti olan namizədlər) cavab verən şəxslər növbəti mərhələyə dəvət ediləcəklər. İkinci mərhələdə iştirak edən namizədlərə seçdikləri ixtisaslar üzrə tapşırıqlar təqdim ediləcək. Müsabiqənin yekun nəticələri avqustun ortalarında elan ediləcək.
Qeyd edək ki, ən müasir maddi-texniki baza ilə təchiz edilmiş mərkəzdə “Torna və frezer dəzgahların operatoru”, “Avtomobil diaqnostikası və təmiri üzrə usta”, “Sənayedə quraşdırma işləri üzrə usta”, “Elektronika ustası”, “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”, “İnşaat ustası”, “Mebel ustası”, “Veb dizayner və proqram təminatçısı” və “Avtomatika üzrə usta” adlı fərqli ixtisas üzrə 1 illik (texniki peşə) və “Nəqliyyat vasitələrinin texniki istismarı” və “Kompüter sistemlərində proqram təminatı” ixtisasları üzrə 3 illik (subbakalavr) proqramlarda təhsil almaq mümkündür.
Mərkəz Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş təhsil kompleksi əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və digər zəruri infrastrukturu özündə cəmləyir. Qlobal sənaye ehtiyaclarına cavab verə biləcək, rəqabətqabiliyyətli kadrların hazırlığına istiqamətlənən mərkəz ölkənin ən qabaqcıl 25-dən artıq dövlət və özəl sənaye sektorları ilə əməkdaşlıq etməkdədir.