“Hazırladığımız resurslar bazarda öz yerini tapır” - Müsahibə - "Azərbaycan Müəllimi" qəzeti
Rəşad Xanlarov: “Hər hansı yeni
texnologiya üzrə mütəxəssis hazırlığı təşkil etməyi qarşımıza məqsəd qoymuşuq”
2019-2020-ci tədris ilindən
fəaliyyətə başlayan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil
Mərkəzi ilk yarımili uğurla başa vurub, hətta
növbəti tədris ilinə hazırlığa belə başlayıb. 8 texniki ixtisas üzrə tələbə qəbulu həyata keçirilən bu peşə təhsili
müəssisəsində daha bir ixtisasın əsası qoyulur. Mərkəzin direktoru Rəşad
Xanlarov “Azərbaycan müəllimi” qəzetinə ölkədə ilk təcrübə olan Sənaye və
İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində imza atmağa
hazırlaşdıqları yeniliklərdən danışıb.
- Koreya standartları Azərbaycana
uyğunlaşdırlaraq tətbiq edilir. Yarımillik fəaliyyətin nəticələri nə göstərir:
Koreya təhsil standartı ilə peşəkar olmaq asandır, yoxsa daha çətin?
- Bəli, tələbələrimiz Koreya təhsil modeli
əsasında təhsil alırlar. Mərkəzdə verilən təhsilin özəlliyi ondadır ki, burada
tədrisin 60 faizi praktiki məşğələlərə, 20 faizi texniki-nəzəri biliklərə və
yerdə qalan 20 faiz isə baza bloku - ünsiyyət bacarıqları, biznes etikası,
texniki ingilis dili, texniki hesab, sahibkarlıq, SƏTƏM, İKT əsaslarına
ayrılıb. Modelin icrasında müşahidə
olunan yeganə çətinlik məzmunla bağlıdır. Koreyalı mütəxəssislərin hazırladığı
məzmun mürəkkəbliyi ilə fərqlənir. Amma bunun öhdəsindən gəldik. Özü də bunu,
sadəcə dərsliklərlə deyil, həm də müəllimlərimizin köməyilə etdik. Metodika,
didaktika üzrə təlim kurslarına qatılan müəllimlər hər dərsin təqdimatını
hazırlayıblar. Mürəkkəb məzmunun qavranmasına imkan verən sadə üsullarla
məqsədimizə çatırıq. Hazırda elektron kitabxanamız hazırlanır və həmin
təqdimatlar burada da yerləşdiriləcək.
- Mənimsəyib-mənimsəmədiklərini necə
müəyyənləşdirirsiniz?
- Ümumiyyətlə, təhsilalanların bilik və bacarıqlarının yoxlama prosesi olur. Ancaq tədrisdənkənar da bunu müəyyənləşdirmək imkanlarımız var. Mərkəzə tez-tez özəl sektordan qonaqlar, texniki sahənin mütəxəssisləri, şirkət nümayəndələri gəlir. Təhsilalanlarla söhbət əsnasında onlara suallar verir və aldıqları cavab əsasında bunu asanlıqla müəyyənləşdirirlər.
- Nə qədər sadələşdirilsə belə,
məzmunun çətinliyini qeyd etdiniz. Məlumdur ki, peşə təhsili müəssisələrinə
qəbul attestatla aparılır. Tədrisi Koreya standartları əsasında təşkil edilən
bir Mərkəzdə təhsilalanların bilik
səviyyəsi bu proqramı mənimsəməyə imkan verirmi?
- Ötən il Peşə təhsili üzrə Dövlət Agentliyi ilə razılaşdıraraq qəbul
prosesini müsahibə şəklində apardıq. Müsahibələr
zamanı bu çətinliyi müşahidə etdik. Təhsil almaq istəyən şəxslərin baza
biliklərinin olmadığı həmin müsahibələrdə üzə çıxdı. Seçim prosesi həqiqətən
çətin gedirdi. Müraciət edənlərin təhsil almaq istədikləri ixtisaslar barədə
informasiyalarının, hətta anlayışın olmadığı üzə çıxdı. Ona görə də,
müsahibələr zamanı 8 texniki ixtisasla bağlı məlumat verilir, hər bir texniki
ixtisas üzrə namizədin bilik və bacarıqları müəyyənləşdirilirdi. Koreyalı
mütəxəssislərlə aydın, ətraflı məlumatlara əsaslanan təbliğat işi apardıq.
- Yeni tədris ilindən yeni təhsilalanlar gələcək. Böyük ehtimalla
yenə ötənilki təcrübə ilə qarşılaşacaqsınız. Bir çıxış yolu
düşünürsünüzmü?
- Bəli, ötən tədris ilinin təcrübəsini nəzərə alaraq düşünürük ki, bu dəfə
də məlumatlı kontingent daha az olacaq. Elələri var
ki, nə seçdiyini, harda işləyə biləcəyini bilir. Ancaq onlar çox azdır. Odur
ki, ixtisasların təbliğatını aparmaq məqsədilə bəzi addımlar atmağı düşünürük.
Qəbul həyata keçirilən ixtisaslar üzrə müəyyən rəy yaratmaq və təhsilalanların
həmin ixtisaslar üzrə maraqlarını üzə çıxarmaq məqsədilə sənəd qəbuluna
başlamazdan öncə təlimlər təşkil etməyi nəzərdə tuturuq. Mərkəzdə təhsil almaq
istəyənlər ixtisasyönümlü təlimlərimizə
qatılaraq, tutaq ki, avtomatika ixtisası üzrə təhsil almaq istəyirsə, PLC
sistemi ilə tanış ola biləcək. Bu təlimin sonunda ixtisasla bağlı müəyyən
anlayışı olacaq. Təlimdən sonra həmin ixtisas üzrə təhsil alsa, harda işləyə
biləcəyini öyrənəcək. Müsahibə vaxtı özünü ifadə etməkdə çətinlik çəkməyəcək və
bu mərhələni asanlıqla keçəcək. Ən əsası, təlimlərdə seçmək istədiyi ixtisasın
ürəyincə olub-olmadığını öyrənmiş olacaq. Bu dəyərləndirməni mütəxəssislərimiz
də aparacaq. Müəllimlərimiz də təhsilalanın potensialını dəyərləndirəcək.
- Ötən il təhsilalanların potensialı
necə qiymətləndirildi?
- Texniki bilik və bacarıqları
müəyyənləşdirmək üçün attestat qiymətlərində texniki fənlərdən olan qiymətləri
nəzərə alırıq. Tutaq ki, mexanika ixtisası üzrə
təhsil almaq istəyən şəxsin fizika fənni üzrə biliklərinə diqqət yetiririk.
Ancaq əsas qərar müsahibələr zamanı verilir. Burada real həyatdan nümunələr
gətirərək namizədin qoyulan məsələnin həllini necə gördüyünü, kommunikasiyasını
necə qurduğunu, məsələnin həllini tapa bilib-bilmədiyini komissiya qarşısında
özünü necə ifadə etməyindən asılı olaraq müəyyənləşdirir, potensialını üzə
çıxarırıq. Bu üsuldan yenə istifadə edəcəyik. Bu il də Peşə Təhsili üzrə Dövlət
Agentliyinin mərkəzləşdirilmiş elektron qəbul sistemi olacaq. Müraciətlər
dəyərləndirilərək texniki fənlər üzrə qiymətləri yaxşı olanlar müsahibələrə
dəvət ediləcək.
- Növbəti tədris ilinə hazırlıqlar
başlanılıb?
- Bəli. Şirkətlərdən rəylərin toplanması
prosesinə başlanılıb. Tədris planlarının, burda verilən bilik və bacarıqların
bazarda öz əksini tapıb-tapmadığını aydınlaşdırmağa çalışırıq. Bazardakı
trendləri nəzərə alaraq, növbəti tədris ilindən Sənaye və İnnovasiya üzrə Bakı
Dövlət Peşə Təhsil Mərkəzində hazırda tədris aparılan 8 ixtisasla yanaşı,
“Cyber Security” (Kiber Təhlükəsizlik) ixtisası üzrə kadr hazırlığı nəzərdə tutulub. CİSCO şirkəti ilə əməkdaşlıq
çərçivəsində peşə təhsilində ilk dəfə olaraq fəaliyyətə başlayacaq ixtisas
üzrə tədris planlarının hazırlanmasına
başlanılıb. Bu ixtisasa tələbat həddən artıq artıb. Bu tələbi eşidirik və həmin
kadrları hazırlamaq niyyətindəyik. Bu istiqamətdə tədris proqramları və
modullar tərtib olunub, dərs vəsaiti üzərində iş gedir.
- Yeni planlar, yeni ixtisas.
İşəqəbul elanı da bununla bağlıdır?
-Əmək bazarında yeni çağırışlara uyğun olaraq kadrların hazırlanması əlavə resurslara tələbat yaradır. Ümumiyyətlə, mühəndis-pedaqoji heyətin artırılmasına ehtiyac indi də hiss
edilir. Üstəlik, müşahidələrimizə görə, növbəti tədris ilində təhsilalanların
sayı çox olacaq. Artıq elan etdiyimiz kimi, ildə ödənişli və ödənişsiz olmaqla,
1000 nəfərə təhsil vermək imkanımız var. Növbəti tədris ilində qəbulun bu
rəqəmə yaxınlaşacağı gözlənilir. Odur ki, işə qəbul elanı mühəndis-pedaqoji heyətlə bağlı yaranacaq
tələbatı ödəmək üçün hazırlıq işləri də sayıla bilər.
- Mərkəzə maraq kifayət qədər
böyükdür. Ehtimalınızdan çox müraciət olarsa, yəni bu rəqəm nəzərdə tutulan
1000 nəfəri keçərsə, mövcud
mühəndis-pedaqoji heyət və texniki imkanlarla Sənaye və İnnovasiya üzrə
Bakı Dövlət Peşə Təhsil Mərkəzi tələbatı ödəməyə hazırdırmı?
- Biz qarşıdakı artan tələbatı
görürük və nəzərə alırıq. Mərkəzin əlavə tədris korpuslarında tədris təşkil
edilə bilər. Düşünürəm ki, texniki baza və imkanlarımız ildən-ilə artacağı
gözlənilən tələbatı ödəməyə imkan verər. Məhz bu tələbatı ödəyə bilmək
üçün Peşə təhsili üzrə Dövlət Agentliyi
və Təhsil Nazirliyi vasitəsi ilə müəllimlərin işə qəbuluna başlamışıq. İlk
növbədə sənayedə təcrübəsi olan şəxslərə üstünlük veriləcək. Təbii ki,
təcrübəsi, biliyi olan şəxslərin xarici dillər üzrə bilik səviyyəsinin olması
da verdiyimiz üstünlüklərdəndir. Müsahibələrdən uğurla keçənlərə ilk mərhələdə
Koreyada təlimlərə qatılan 24 nəfər metodist-təlimçilər təlim keçəcək və yeni
işə qəbul olunanlar növbəti tədris ilindən tədris prosesinə qoşulacaqlar.
- Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin
dövlət-özəl əməkdaşlığında da kifayət qədər uğurlarınızı eşidirik.
- Elədir, dövlət-özəl tərəfdaşlıq körpüsü effektiv qurulur. 25-dən artıq şirkətlə anlaşma memorandumu imzalamışıq. Özəl sektorla
əməkdaşlığımızı sürətlə genişləndiririk.
Qurduğumuz əlaqələrin nəticəsidir ki, həmin şirkətlərin mütəxəssisləri həm
tədris prosesində yaxından iştirak edir, həm də tədris materiallarına dair
rəylər verirlər. Bu yaxınlarda sənaye şirkətlərinin nəzdində praktiki məşğələlər təşkil edəcəyik.
Təhsilalanlar da bu əməkdaşlıqdan yararlanırlar. Tələbələrimiz sənaye prosesini
öyrənmək imkanı əldə edir, hər hansı problemi aradan qaldırmağı öyrənirlər.
Digər tərəfdən, şirkətlər bizim təhsilalanların profilini onlarla da
bölüşməyimizi istəyirlər. Tədris prosesi bitənə yaxın təcrübə proqramından
keçmiş tələbələrimiz arasından öz işçilərini seçirlər. Onlar üçün işçi qüvvəsi
ola biləcək adları bizimlə də bölüşürlər. Bu prosesi tənzimləmək üçün Sənaye və
İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Karyera Mərkəzi fəaliyyət
göstərir.
- Əslində, Mərkəzin texniki imkanları tələbələrinə təcrübə ilə öyrənməyə imkan
verir.
- Təbii ki, təhsilalanlar Mərkəzdə
texniki bilik və bacarıq əldə edirlər. Ancaq
şirkətdə, burda öyrəndiklərinin reallıqda necə işlədiyini görmək şansı
qazanırlar. Təqdirəlayiq olan odur ki, artıq şirkətlər bu məsələdə tərəddüd
etmirlər. Sənaye elə bir sahədir ki, burada yaranan hər hansı problem
istehsala təsir göstərir. Ancaq Peşə
Təhsili Mərkəzində verilən bilik və bacarıqları görəndən sonra bizimlə
əməkdaşlıqda nəinki tərəddüd edir, əksinə maraqlı olurlar.