Təhsil Mərkəzində “Cisco” Şəbəkə Akademiyası fəaliyyətə başladı
Yanvarın 23-də Sənaye
və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Cisco” Şəbəkə
Akademiyasının (CŞA) açılışı olub.
Tədbirdə çıxış edən
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Rəşad
Xanlarov mərkəzin nəzdində fəaliyyət göstərəcək “Cisco Şəbəkə Akademiyası”
haqqında ətraflı məlumat verib. Bildirib ki, informasiya texnologiyaları sahəsində
bilik və bacarıqlarını artırmaq istəyən mütəxəssislər, eyni zamanda, bu sahəyə
marağı olan tələbələr üçün nəzərdə tutulan “Cisco” Şəbəkə Akademiyasında dərslər
“Cisco” şirkətinin beynəlxalq proqramına əsaslanır. Tədris peşəkar, sertifikatlı
mütəxəssislər tərəfindən aparılacaq.
Təlim kurslarında
iştirak etməklə tələbələr yeni şəbəkələr, şəbəkə inzibatçılığı, təhlükəsizlik və
“bulud” texnologiyaları nəzəriyyələrini öyrənəcək, təqdim olunan
materiallardan, təlimatçının köməyindən, praktiki laboratoriyalarda real və
virtual sistemlərdən istifadə edərək, biliklərini artıraraq rəsmi onlayn
resurslarına çıxış imkanı qazanacaqlar.
Sonra “Cisco”nun şəbəkələr
üzrə mütəxəssisi Emin Seyidov şirkət haqqında ətraflı məlumat verib. Bildirilib
ki, şəbəkə texnologiyaları üzrə qlobal brendlərdən sayılan “Cisco” şirkəti
1984-cü ildən fəaliyyət göstərir. Şirkətin dəstəyi ilə yaradılmış “Cisco”
akademiyalarında informasiya-kommunikasiya texnologiyalarının əsasları və əməliyyat
sistemləri, əşyaların interneti, proqramlaşdırma, şəbəkə texnologiyaları, şəbəkə
təhlükəsizliyi və kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kursları
keçirilir.
Şirkətin əsas istiqamətlərindən
birinin təhsil sahəsi olduğunu vurğulayan E.Seyidov ölkədə fəaliyyət göstərən tədris
müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulmasının çox əhəmiyyətli olduğunu
qeyd edib.
Sonda Sənaye və
İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə “Cisco” şirkətinin nümayəndəliyi
arasında əməkdaşlıq barədə anlaşma memorandumu imzalanıb.