Cənubi Afrika Respublikasının nümayəndələri ilə peşə təhsili sahəsində əməkdaşlıq imkanları müzakirə olunub
Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor səlahiyyətlərini icra edən Simnar Mamedov ölkəmizdə səfərdə olan Cənubi Afrika Respublikasının Asiya, Amerika və Avropa tərəfdaşlıqları üzrə müdir müavini, Ali Təhsil və Təlim Departamentinin nümayəndəsi xanım Thobela Dube və Nazirin xüsusi məsləhətçisi professor Əhməd Cassim Bawa ilə görüş keçirib.
Görüş Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində baş tutub. Tərəflər Azərbaycan və Cənubi Afrika Respublikası arasında peşə təhsili sahəsində mövcud əməkdaşlıq imkanlarını, təcrübə mübadiləsinin gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi perspektivlərini müzakirə ediblər.
Səfər çərçivəsində xanım Thobela Dube üçün Mərkəzdə infotur təşkil olunub. O, müxtəlif emalatxanalarla tanış olub, dərs prosesini izləyib və tətbiq edilən müasir tədris metodları, texniki avadanlıqlar və praktiki təlim imkanları barədə məlumatlandırılıb.
Tərəflər gələcəkdə peşə təhsili sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə fəaliyyətlərin davam etdirilməsində maraqlı olduqlarını bildiriblər.