Növbəti “Bir Peşənin Sirri” festivalı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirildi
Peşə təhsilinin əhəmiyyətinin artırılması, gənclərin bu sahəyə marağının təşviqi və əmək bazarının tələblərinə uyğun bacarıqların təbliği məqsədilə “Bir Peşənin Sirri” festivalı bu dəfə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilib.
Açılış mərasimində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor vəzifəsini icra edən Simnar Mamedov çıxış edərək festivalın əsas məqsədləri, peşə təhsilində həyata keçirilən islahatlar və gənclərin bu sahədə rolundan danışıb. Həmçinin, Şaban Cəərçiyev festivalda çıxış edərək “Bir Peşənin Sirri” festivalın əməkdaşlıq və innovasiya üçün mühüm platforma olduğunu qeyd edərək iştirakçılara təşəkkürünü bildirdi.
Rəsmi hissədə həmçinin Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının müavini Sevinc Süleymanova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədrinin birinci müavini Samir Hümbətov, Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı departamentinin müdiri Namiq Məmmədov çıxış ediblər.
Çıxışlarda peşə təhsili müəssisələrinin əmək bazarına uyğunlaşdırılması, işəgötürənlərlə əməkdaşlıq imkanları, həmçinin gənclərin innovativ və praktik bacarıqlarının artırılması istiqamətində görülən işlər vurğulanıb.
Açılışdan sonra festival rəsmi olaraq elan edilib. Rəsmi qonaqlar və iştirakçılar festival ərazisinə baxış keçirərək tələbələrin əl işləri, ixtisas sərgiləri və müxtəlif ustad dərsləri ilə tanış olublar.
Günün proqramı çərçivəsində ziyarətçilər üçün peşəkar ustad dərsləri və praktik təlimlər, maarifləndirici sessiyalar və karyera məsləhəti, oyunlar, viktorinalar və STEAM təqdimatları, eləcə də tələbələrin iştirakı ilə bədii kompozisiyalar və müxtəlif ixtisasaslar üzrə nümayişlər təşkil olunub.
Festival zamanı ziyarətçilər peşə təmayüllü siniflər üçün qurulan stenddə şagirdlərin hazırladıqları layihələrlə tanış olub, peşə yönümlü tədris prosesinin məzmunu və təşkilati mexanizmi barədə məlumat əldə ediblər.
Tədbir çərçivəsində Təhsil Tələbə Krediti Fondu tərəfindən qurulan məlumat stendində isə gənclərə sosial və güzəştli təhsil kreditləri, müraciət portalları, eləcə də peşə təhsili alan tələbələr üçün mövcud maliyyə dəstəyi mexanizmləri təqdim olunub.
Qeyd edək ki, “Bir Peşənin Sirri” festivalı peşə təhsilinin cəmiyyət arasında nüfuzunun artırılması, gənclərin ixtisas seçimində məlumatlılığının gücləndirilməsi və innovativ yanaşmaların təbliği baxımından əhəmiyyətli platformadır.