Xəbərlər

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Hyundai markalı avtomobillərin Azərbaycanda səlahiyyətli və yeganə rəsmi distribüteri olan “Auto Azərbaycan” MMC şirkəti ilə əməkdaşlığa başlayıb.

15-01-2021 TƏLİM VƏ TƏDRİS

14.01. 2021-ci il tarixində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Auto Azərbaycan” MMC şirkəti arasında anlaşma memorandumu imzalanıb.

Peşə Mərkəzinin şirkətlə əməkdaşlıq qurmasının əsas məqsədi Mərkəz təhsilalanlarının ixtisaslı kadrlara çevrilməsinə dəstək verməkdən ibarətdir. Ölkədə müasir tələblərə cavab verən yeni nəsil işçi qüvvəsinin hazırlanması istiqamətində birgə fəaliyyət göstərəcək hər iki təşkilat kifayət qədər geniş elmi texniki laboratoriyalara və istehsalat bazasına, təcrübəli ixtisaslı kadrlara malikdir. Özəl sektorun iştirakı ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində yaradılan bu şərait “Avtomobil” istiqaməti üzrə Mərkəz təhsilalanlarının sənayenin ehtiyaclarına uyğun gələcək kadr kimi formalaşmasına birbaşa dəstək verəcək. Həmçinin, memorandum çərçivəsində avtomobil sahəsi üzrə peşəkar kadrların yetişdirilməsi məqsədilə birgə tədris proqramlarının hazırlanması, eləcədə şirkət nümayəndələri tərəfindən Mərkəzdə  ixtisasartırma və təkmilləşdirmə kurslarının da yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, əməkdaşlıq çərçivəsində “Avtomobil” istiqaməti üzrə təhsilalanların istehsalat təcrübə proqramlarında iştirak etməsi və eləcə də, təcrübə proqramlarındakı iştirakı müsbət dəyərləndirilmiş şəxslərin işlə təmin olunması nəzərdə tutulub.

Mərkəzlə şirkət arasında imzalanan memorandum hər iki tərəfin maraqları çərçivəsində uğurlu nəticələrə imza atacaq.