Xəbərlər

Yeni əməkdaşlıq çərçivəsində karyera inkişafı istiqamətində görülən yeni addımlar

06-05-2021 TƏLİM VƏ TƏDRİS

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Performance Center” MMC-nin iştirakı ilə Avtomobil istiqaməti üzrə peşəkar kadr hazırlığını təmin etmək məqsədilə təlimlər təşkil olunmuşdur. 4 may 2021-ci ildə Peşə Təhsil Mərkəzində təlimi müvəffəqiyyətlə başa vurmuş bütün iştirakçılara Mərkəz tərəfindən sertifikatlar və yüksək nətiçə göstərən təlim iştirakçılarına Şirkət tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur. 

Təltif olunma mərasiminin sonunda Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və “Performance Center” MMC şirkəti arasında əməkdaşlıq memorandumu imzalanmışdır.

Kifayət qədər təcrübəli kadr resursuna və yüksək səviyyəli təcrübənin təmin olunması üçün zəruri olan texniki ehtiyatlara malik hər iki tərəf arasında qurulmuş əməkdaşlığın başlıca məqsədi uğurlu təcrübə mübadiləsini təmin etmək, dövrün tələblərinə cavab verən və əmək bazarına uyğunlaşan mütəxəssislərin hazırlanmasında dəstək olmaq və eləcə də, avtomobil sahəsində məşğulluğun təmin olunması istiqamətində birgə fəaliyyət göstərməkdir. 

Qeyd edək ki, əməkdaşlıq çərçivəsində artıq avtomobil sahəsi üzrə peşəkar kadrların yetişdirilməsi, ixtisasartırma və təkmilləşdirmə kurslarının yaradılması istiqamətində müvafiq tədbirlər görülmüşdür.