Xəbərlər

Məzun - Saday Qanbayevin uğur hekayəsi

08-09-2020 TƏLİM VƏ TƏDRİS

2020-2021 tədris ilinin başlanması ilə əlaqədar yeni təhsilalanlara istiqamət məqsədli olan dialoqlarımızı mərkəzin ötən ilki məzunu Saday Qanbayevlə davam etdiririk. Saday, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “avtomobil diaqnostikası və təmiri üzrə usta” ixtisasının məzunudur. Söhbət əsnasında Saday bildirdi ki, onun bu sahədə peşə təhsili almasının əsas səbəbi avtomobil sahəsinə olan xüsusi marağıdır. Məzunumuz hal-hazırda Abşeron Avtomobil Mərkəzində (Mercedes Benz) çalışır.

Mərkəz haqqında ümumi fikirlərinizi bizimlə paylaşa bilərsinizmi? Burada təhsil almaq gələcək karyeranızın inkişafında nə kimi rol oynadı?

Avtomobil sahəsinə olan marağım kifayət qədər böyük idi və bu sahədə öz bilikərimi təkmilləşdirmək istəyirdim. Bunun üçün bu mərkəzə üz tutdum və qəbul olundum. Oxuduğum müddətdə əldə etdiyim həm nəzəri, həm praktiki bilik və bacarıqlar əminəm ki, uzun illər boyunca mənə işimdə köməkçi olacaq. Həm pedoqoji heyətin məsuliyyətli yanaşması, həm mövcud şərait buradan kifayət qədər təcrübə qazanmağıma imkan verdi. Ən əsası isə mənim bu ixtisasa yiyələnməyimə təkan verən səbəb Mərkəz tərəfindən təşkil olunan təcrübə proqramı oldu. Hal-hazırda ölkənin qabaqcıl avtomobil şirkətlərindən biri olan Abşeron Avtomobil Mərkəzində (Mercedes Benz) çalışıram. Mərkəzdən əldə etdiyim bütün bacarıqlarımı burada maksimum səviyyədə inkişaf etdirnəyə çalışıram.

Hansı səbəblə peşə təhsili almaq istəyən insanlara bu mərkəzi seçim etmələrini tövsiyyə edərdiniz? Burada verilən təhsil onlara nə qazandıracaq?

Tələbələrə ilk tövsiyyəm odur ki, hansı ixtisası seçmələrindən asılı olmayaraq, seçəcəkləri peşəni dərindən öyrənsinlər, ən incə detallara qədər diqqət yetirsinlər. Bu məqsədə gedən yol isə bu mərkəzdən başlayır. Sizin üçün lazımi hər bir şərait yaradılır. Yüksək səviyyəli pedoqoji heyət, yeni texniki avadanlıqlarla təchiz olunmuş emalatxanalar və laboratoriyalar sizin bu sahədə ən böyük dəstəkçinizə çevriləcək. Mərkəz qurduğu əməkdaşlıqlar sayəsində bütün ixtisaslara uyğun tədris ili ərzində təcrübə proqramları, praktiki təlimlər, master class-lar və vebinarlar təşkil edir. Bu da karyera və inkişaf üçün kifayət qədər böyük şansdır deyə düşünürəm.