Xəbərlər

Məzun - Kamal Yusufovun uğur hekayəsi

07-09-2020 TƏLİM VƏ TƏDRİS

Sentyabr ayının gəlişi artıq yeni akademik ilin başlamasına çox az bir müddət qaldığından xəbər verir. İxtisas seçimlərində yeni təhsilalanlar üçün bələdçi rolunu oynayan keçmiş məzunlarımızdan biri də  Kamal Yusufovla bu səbəblə həmsöhbət olduq.

Kamal, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil mərkəzinin “Avtomatika üzrə usta” ixtisasını məzunudur. Kamal avtomatika üzrə həm ali təhsil, həm də peşə təhsilinə sahib olan uğurlu gənclərimizdəndir. Hal-hazırda məzunumuz “Helind” şirkətində proseslərin elektrik sistemlər üzərindən avtomatlaşdırılması istiqamətində çalışır.

Mərkəzdə aldığınız təhsilin sizə nə kimi faydaları oldu? Burada təhsil almaq karyeranızda nə kimi inkişafa səbəb oldu?

Mərkəzə gəlmədən öncə də çalışırdım. Lakin çalışdığım sahələr adətən qeyri-ixtisas sahələri olurdu. Bundan öncə ilk olaraq ali təhsil müəssisəsinin məzunu olmuşam. Lakin praktiki bilik və bacarıqlara mərkəzdə təhsil aldığım müddətdə yiyələndim. Səbəb isə mərkəzin koreya peşə təhsili modeli əsasında 60-70% praktiki məşğələlərinin olması idi. Peşə təhsili almaq öz seçimim idi, çünki sahəm üzrə praktiki sahədə boşluğumu hiss edirdim və bu mərkəz mənə bu anlamda kifayət qədər yardımçı oldu. Mərkəzin dövlət-özəl tərəfdaşlıq modeli əsasında şirkətlərlə əməkdaşlıq imkanı mənə işlə təminatda kömək etdi. Hal-hazırda “Helind” şirkətində çalışıram və işimi ümumiyyətlə, sahəmi sevərək yerinə yetirirəm.

Gələcək təhsilini peşə istiqamətli davam etdirmək istəyən insanlara tövsiyyəniz nə olardı? Bu mərkəzi tövsiyyə edərdinizmi?

Qəbul sayına əsasən deyə bilərəm ki, ölkəmizdə artıq peşə təhsili almaq istəyən şəxslərin sayı ildən-ilə artmaqdadır. Müəyyən bir sahədə istedadı olan və ya maraq dairəsində olan peşəyə yiyələnmək istəyən insanlar artıq hara müraciət etməli olduqlarını bilirlər. Mərkəzi ətrafımda peşə təhsili almaq istəyən bütün insanlara tövsiyyə edirəm, hətta mən bitirdikdən sonra artıq bu il bir neçə dostum da burada təhsil almaq üçün qəbul prosesində iştirak edib. Burada 1 il ərzində qazandıqlarım düşünürəm ki, uzun illər boyu mənə faydalı olacaq. Gələcək təhsilalanlara isə uğurlar arzu edirəm, onları əmin edirəm ki, mərkəzdə əldə etdikləri pratiki bilik və bacarıqlar gələcək karyeralarının qurulmasında önəmli rol oynayacaq.