Xəbərlər

Məzun - Rüfət Əliyevin uğur hekayəsi

02-09-2020 TƏLİM VƏ TƏDRİS

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi yeni tədris ilinin başlanması ilə əlaqədar burada təhsil almaq istəyən tələbələr  üçün hazırlıqlarını davam etdirir. Bununla bağlı olaraq mərkəzin gələcək təhsilalanlarına düzgün istiqamət vermək məqsədilə əvvəlki tədris ilinin məzunları  mərkəz haqqında olan fikirlərini bizimlə bölüşməyə davam edirlər. Növbəti müsahibimiz Rüfət Əliyev sahəsi üzrə kifayət qədər uğurlu addımlayan məzunlardan biridir.

Rüfət Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Sənayedə quraşdırma işləri üzrə usta” ixtisasının məzunudur. Onun burada təhsil almasının əsas səbəbi daim özünü inkişaf etdirməsinə olan həvəsi və sahəsi üzrə daha dərin məlumatlara yiyələnmək istəyidir. Hal-hazırda Rüfət “Megafun Əyləncə Mərkəzi”-nin texniki direktoru vəzifəsində çalışır.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzdə təhsil almağınız sizə nə qazandırdı? Mərkəz sizin karyeranızın inkişafında nə kimi rol oynadı?

Mərkəzə gəlmədən öncə baş mexanik vəzifəsində çalışırdım. Ümumiyyətlə inkişafa meylli insan olduğum üçün bununla kifayətlənmək istəmədim. Öz sahəmə dair məlumatımı və praktikamı daha da təkmilləşdirmək üçün mərkəzə qəbulla bağlı müraciət etdim. Burada oxuduğum müddətdə mən təcrübə səviyyəmi kifayət qədər inkişaf etdirə bildim. Buna səbəb isə indiyə kimi görmədiyim və ya istifadə etmə şansım olmayan bir sıra avadanlıqlarla tanış oldum, onların istismar etmək üçün şərait yarandılmışdır. Bu mənim üçün yenilik idi və əldə etdiyim təcrübə sahəm üzrə çox əhəmiyyətli oldu. Mərkəzdə texniki sahə üzrə əldə etdiyim inkişaf məni karyeramda irəli aparan addımlardan oldu. Qeyd etdiyim kimi daha öncə baş mexanik vəzifəsində çalışırdım lakin Mərkəzdə təhsilimi başa vurduqdan sonra hal-hazırda texniki direktor vəzifəsində çalışıram. Fikrimcə bu mənim üçün təqdirəlayiq irəliləyişdir.

         Mərkəz haqqında ümumi fikirlərinizi paylaşa bilərsinizmi və gələcəkdə təhsilini bu mərkəzdə davam etdirmək istəyən şəxslərə tövsiyyəniz nə olardı?

Ümumiyyətlə, mərkəz kifayət qədər zəngin texniki bazaya malikdir. Peşə sahəsində təhsil almaq istəyənlər üçün isə bu bir fürsətdir, hansı ki burada müxtəlif texniki avadanlıqlarla işləmək imkanı yaradılıb, praktiki dərslərə üstünlük verilir və bu öyrəndiklərinizi tətbiq etməyə şərait yaradılır. Təhsilini peşə sahəsində davam etdirmək istəyən şəxslərə tövsiyyəm odur ki, əzmli olsunlar. Yalnız tədris proqramı ilə kifayətlənməyin, daim özünüzü inkişafa yönəldin. Seçdiyiniz sahə üzrə özünütəsdiq yalnız bu yolla mümkündür. Təhsilinizə və öz intizamınıza ayırdığınız səmərəli vaxt sizi ixtisaslı mütəxəssislərə çevirəcəkdir. Mərkəzin təlimçi heyətindən və praktik məşğələlərdən maksimum yararlanmağın çox faydalı olacağına əminəm.