Xəbərlər

Məzun - Rəsul Səfərovun uğur hekəyəsi

26-08-2020 TƏLİM VƏ TƏDRİS

Sənayə  və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində növbəti tədris ilinin başlamasına qısa bir zaman qaldı. Bu münasibətlə, burada təhsil almağa hazırlaşan tələbələr üçün öncəki tədris ilinin məzunları bizimlə mərkəz haqqında olan fikirlərini bölüşdülər. Düşünürük ki, həmsöhbətlərimizin məsləhətləri yeni təhsilalanlar üçün faydalı məlumat olacaq. Bu məqsədlə növbəti müsahibimiz Rəsul Səfərov oldu.

Rəsul  Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin “Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru” ixtisasından məzun olduqdan sonra Bakı Gəmiqayırma zavodunda texnik-elektrik vəzifəsində çalışır. O, müsahibədə ali təhsil aldığına baxmayaraq, öz maraq dairəsində olan peşəyə yiyələnmək üçün mərkəzimizə müraciət etdiyini qeyd edir.

“İlk öncə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi sizin gələcək karyeranızın inkişafında nə kimi rol oynadı?”

“Mərkəzə gəlmədən öncə mən ümumiyyətlə idman sahəsində idim, milli güləş növü üzrə iki dəfə Avropa çempionu olmuşam. Bura qəbul olmadan öncə də Bakı Gəmiqayırma Zavodunda mühafizəçi vəzifəsində çalışırdım. Zaman gəldi və qərar verdim ki, gələcək karyeramda uğuru əldə etmək üçün peşə təhsilinə yönəldim. Sosial şəbəkədə mərkəzin reklamını gördüm. Reklamdakı Koreya Peşə Təhsil sistemi ilə bağlı başlıq məni cəlb etdi və beləcə qeydiyyatdan keçdim, müsahibədən uğurla keçib “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru” ixtisasına qəbul oldum. Bir illik təhsildən sonra mən Bakı Gəmiqayırma zavodunda artıq “texnik-elektrik” kimi işə başladım.”

“Mərkəzimiz haqqında hal-hazırki fikirlərinizi bizimlə bölüşə bilərsinizmi? Fikrinizcə, burada təhsil almağın nə kimi faydaları var?” 

“Mərkəzdə öyrəndiyim bütün bilik və bacarıqlar bu gün iş fəaliyyətimdə hər addımda mənə kömək olur, bunun üçün təlimçilərə təşəkkürümü bildirirəm. Düşünürəm ki, burada aldığım təhsil gələcək karyeramda uğurla addımlamağa kömək edəcək. Belə düşünməyimə səbəb isə mərkəzin dövlət-özəl tərəfdaşlıq modelini uğurla quraraq bir sıra şirkətlərlə əməkdaşlıq etməsi və bu şirkətləri tədris prosesində iştirak etməyə cəlb etməsidir.”

“Təhsilini peşə istiqamətli davam etdirmək istəyən şəxslərə  tövsiyyələriniz  nə olardı?”

“Bəzən gənclərimiz ixtisas seçimində məlumatları olmadan yalnış istiqamətdə seçim edirlər və istəmədikləri peşələrə 4-5 il vaxt sərf edirlər. Təhsilini başa vurduqdan sonra isə xəyalları duaya çevrilir. Düşünürəm ki, artıq peşə məktəblərinə olan köhnə münasibət dəyişib. İxtisas seçimi edən şəxslər istədikləri peşəyə mərkəzdə qısa zamanda yiyələnə bilərlər. Ətrafımda olan hər bir dostuma da tövsiyyə edirəm, hətta bu il onlardan 2-si qəbul olunub. Mərkəzin maddi-texniki bazasının zəngin olması, sənayedən cəlb olunan təcrübəli təlimçi heyyətinin olması çox böyük avantajdır, bunu dəyərləndirmək lazımdır.”