Peşə Təhsil Mərkəzinin açılışında Prezident İlham Əliyevin iştirakı
Sentyabrın
13-də Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışı
olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak
edib.
Təhsil
naziri Ceyhun Bayramov görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat
verdi. Bildirildi ki, Təhsil Nazirliyi və Koreya Respublikasının “KT
Konsorsium” şirkəti arasında imzalanan saziş əsasında 2016-cı ildə yaradılan Sənaye
və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi beynəlxalq təhsil
standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına hazır rəqabətqabiliyyətli
kadrlar hazırlığını həyata keçirən peşə təhsili müəssisəsidir.
Mərkəzdə
sənaye qurumlarında istehsal proseslərini təşkil edən və innovativ
texnologiyalarla işləmək bacarığına malik olan mütəxəssislərin hazırlanması nəzərdə
tutulur.
Dövlətimizin
başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi. Prezident İlham Əliyev
Peşə Təhsil Mərkəzində yaradılan şəraitlə yaxından tanış oldu.
Bildirildi
ki, Mərkəz Koreya Respublikasının peşə təhsili modeli əsasında qurulub. Mərkəzdə
nəzəri və praktiki bacarıqların formalaşdırılması üçün bütün şərait yaradılıb.
Burada təhsil alanlara avtomobilə texniki xidmət göstərməkdən tutmuş İKT-nin
yenilikləri əsasında formalaşan modellər öyrədiləcək. Ən müasir maddi-texniki
baza ilə təchiz edilən mərkəz 8 fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil
almaq imkanını nəzərdə tutur. Tədris prosesi tam yeni formatda Koreyada təlim
keçmiş ixtisaslı mütəxəssislər tərəfindən təşkil olunacaq. Bu ixtisaslar üzrə təhsilini
başa vuran tələbələr üçün davamlı təhsil və geniş iş imkanları yaradılacaq.
Onlar öz ixtisaslarını praktiki şəkildə reallaşdırmaq bacarıqları və vərdişlərinə
yiyələnəcəklər. Səkkiz texniki ixtisasla yanaşı, Mərkəzdə qısamüddətli
ixtisasartırma kursları da təşkil olunacaq. Həmçinin tələbələr beynəlxalq
sertifikatlı kurslarda iştirak edə biləcəklər.
Bu
cür peşə məktəblərinin istifadəyə verilməsi ali məktəblərə qəbul ola bilməyənlər
üçün çox mühüm əhəmiyyət kəsb edir. Ali məktəbə qəbul ola bilməyən məzun belə
peşə məktəbinə daxil olmaqla peşə vərdişlərinə yiyələnərək gələcəkdə istədiyi
sahədə çalışa bilər. Bu cür layihələrin icrası peşə təhsilinin inkişafına töhfə
verməklə yanaşı, məşğulluğun artırılmasında da mühüm rol oynayır.
Dövlət
peşə təhsili müəssisələrinin büdcədənkənar gəlir və xərclərinin şəffaf, səmərəli
və mərkəzləşdirilmiş qaydada idarə olunmasının təmin edilməsi və peşə təhsilinin
inkişafında maliyyələşmə mexanizmi rolunu oynamasının həyata keçirilməsi məqsədilə
Peşə Təhsilinin İnkişafı Fondu yaradılıb, peşə təhsili sahəsində bir sıra
normativ hüquqi aktlar hazırlanıb. Peşə təhsili müəssisələrinin birləşdirilməsi
və müəyyən peşə istiqamətləri üzrə ixtisaslaşmış peşə təhsili mərkəzlərinin
yaradılması yolu ilə həyata keçirilən peşə təhsili müəssisələri şəbəkəsinin
rasionallaşdırılması və optimallaşdırılması, müasir standartlara cavab verən
pilot peşə təhsili müəssisələrinin qurulması Yol Xəritəsində qarşıya qoyulan
mühüm vəzifələrdəndir.
2018-ci
ildə regionlarda və Bakıda fəaliyyət göstərən 55 peşə təhsili müəssisəsinin
bazasında 24 Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Qeyd olunan istiqamətdə daha
iki mərkəzin yaradılması nəzərdə tutulub. Sənaye və İnnovasiyalar üzrə Bakı
Dövlət Peşə Təhsil Mərkəzi artıq publik hüquqi şəxs statusu alıb. Digər Peşə Təhsil
mərkəzlərinin də publik hüquqi şəxs statusunda fəaliyyət göstərməsi istiqamətində
hazırlıqlar gedir. Bununla yanaşı, “Azərbaycan peşə təhsili və təliminin inkişafına
dair Strateji Yol Xəritəsi”ndə ilkin mərhələdə 2020-ci ilədək müxtəlif istiqamətli
10 pilot peşə təhsil müəssisəsinin qurulması hədəf kimi müəyyənləşdirilib.
Strateji Yol Xəritəsinə əsasən, pilot peşə təhsili müəssisələrinin müasir
standartlara cavab verməsi və tələbata uyğun fəaliyyət göstərməsi üçün onların əsaslı
təmiri və ya yeni peşə təhsili müəssisələrinin tikintisi nəzərdə tutulur. Dövlətimizin
başçısının Sərəncamına əsasən, 2018-ci il yanvarın 1-dən dövlət peşə təhsili müəssisələrində
çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin
həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə
artırılıb. Əmək bazarının tələblərinə cavab verən ixtisaslı kadrların
hazırlanmasında və işlək peşə təhsili modelinin qurulmasında işəgötürənlərlə
birgə əməkdaşlıq bu sahənin inkişafı üçün mühüm önəm kəsb edir. Ümumilikdə bu
il ərzində peşə təhsili müəssisələrinin 420 nəfərlik mühəndis-pedaqoji heyəti
üçün 29 təlim həyata keçirilib. Peşə təhsili müəssisələrinə sənəd qəbulu “ASAN
xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər
və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz şəkildə və
elektron qaydada həyata keçirilib.
Bütün
bunlar isə peşə təhsili sahəsinə birbaşa müsbət təsir göstərməklə özünü gələcəkdə
müxtəlif sahədə mütəxəssis kimi sınamaq istəyənlərə geniş imkanlar açır