Oktyabrın 15-də “Sənaye – peşə təhsili: birgə əməkdaşlıq, birgə inkişaf” mövzusunda konfrans keçirilib. Konfransda Təhsil naziri Ceyhun Bayramov, İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli, Koreyanın ölkəmizdəki səfiri Kim Tong Op, millət vəkilləri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, ölkəmizdəki xarici diplomatik nümayəndəliklərin təmsilçiləri, beynəlxalq təşkilatların, eləcə də işəgötürən şirkətlərin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə açılış nitqi ilə çıxış edən Təhsil naziri
Ceyhun Bayramov son illərdə Azərbaycanda insan kapitalının inkişaf etdirilməsi,
məşğulluğun təmin edilməsi və keyfiyyətli əmək bazarının formalaşdırılması sahəsində
mühüm tədbirlər həyata keçirildiyini qeyd edib. Ölkə Prezidenti cənab İlham
Əliyevin peşə təhsilinin inkişafına xüsusi diqqətini vurğulayan nazir bildirib
ki, “Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə işəgötürənlərin
peşə təhsili və təlimi sisteminə inteqrasiyası əsas strateji hədəflərdən biri
kimi müəyyən olunub.
Ceyhun Bayramov deyib ki, bu gün qarşıda duran əsas
çağırışlardan biri peşə təhsilinə marağın və onun nüfuzunun artırılmasıdır. Təhsil
naziri bildirib ki, təhsilalanların peşə seçiminə və əmək fəaliyyətinə
hazırlanması, məşğulluğunun təmin edilməsi məqsədilə ölkəmizdə ilk dəfə olaraq
peşə təmayüllü siniflərin yaradılmasına başlanılıb, növbəti tədris ilində isə
bu siniflərin sayının və əhatə dairəsinin artırılması nəzərdə tutulub.
Peşə sahəsində beynəlxalq təşkilatlarla birgə həyata
keçirilən layihələrdən söz açan Təhsil nazirinin sözlərinə görə, yeni yaradılan
Peşə Təhsil Mərkəzində gələn ildən yüksək texniki peşə təhsilinə qəbul və sənayenin
tələbləri əsasında qısamüddətli kursların təşkili ilə tələbələrin sayı 1000 nəfərə
çatdırılacaq.
Sonra çıxış edən Koreyanın Azərbaycandakı səfiri Kim Tong Op iki dövlət arasında inkişaf edən əlaqələrin önəmini xüsusi vurğulayıb və peşə sahəsində əməkdaşlıqdan danışıb.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov öz növbəsində
peşə təhsili və sənaye arasında əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində
güclərin səfərbər edilməsinin vacibliyini qeyd edib.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin
Kərimli də çıxışında iqtisadiyyatın gücləndirilməsi istiqamətində peşəkar
kadrların əvəzsiz rol oynadığını və birgə əməkdaşlığın daha səmərəli nəticələrin
əldə edilməsinə şərait yaradacağını diqqətə çatdırıb.
Konfransda Peşə Təhsili üzrə Dövlət Agentliyinin
direktoru Pərviz Yusifov “Peşə təhsilinin sənayenin inkişafında rolu”, layihə
mütəxəssisi Myonqon Şin isə “Koreyanın texnoloji inkişafının Sənaye və
İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tətbiqi” mövzusunda təqdimatlarla
çıxış ediblər.
Tədbirin sonunda konfrans iştirakçıları Koreya təhsil
standartları əsasında inşa edilən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə
Təhsil Mərkəzinin maddi-texniki bazası və tədris prosesi ilə tanış olublar.