Tədbirlər
< Geriyə qayıt

Türkiyə Respublikasının Milli Təhsil naziri ilə Mərkəzdə görüş

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi oktyabrın 10-da Türkiyə Respublikasının Milli Təhsil naziri Ziya Selçukun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Türkiyənin Milli Təhsil naziri ilə birlikdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Türkiyə Respublikasının  Milli Təhsil nazirinin müavini, Azərbaycan Respublikası Milli Təhsil nazirinin müavini İdris İsayev, eləcə də, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov iştirak edib.

 Görüşün məqsədi qonaqları Azərbaycanda Koreya Təhsil modeli əsasında yaradılmış yeni pilot layihə ilə yaxından tanış etmək olub. Qonaqlar Təhsil mərkəzinin infrastrukturu ilə yaxından tanış olub, emalatxana və tədris-mühazirə otaqlarında gedən dərs prosesində iştirak ediblər.

Görüşdə Mərkəzin direktoru Rəşad Xanlarov Türkiyənin nümayəndə heyətinə təhsil ocağı haqqında ətraflı məlumat verib və burada aparılan islahatlardan, mərkəzin strateji inkişaf hədəflərindən danışıb. Rəşad Xanlarov onu da bildirib ki, mərkəzdə tədris edilən nəzəri və praktik dərslər ölkə iqtisadiyyatının əsas inkişaf prioretitinə uyğun olaraq səkkiz istiqamətdə müəyyən edilib.

Bununla yanaşı, qonaqlara mərkəzdə görülmüş işlər, mövcud və qarşıda duran prioritetlər məsələlər haqqında ətraflı məlumat verilib.

Təhsil Nazirliyi və Koreya Respublikasının “KT Konsorsium” şirkəti arasında imzalanan saziş əsasında 2016-cı ildə yaradılan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına hazır rəqabətqabiliyyətli kadrlar hazırlığını həyata keçirən peşə təhsili müəssisəsi olduğu qonaqların nəzərinə çatdırılıb.