Sentyabrın 13-də
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib. Təhsil naziri
Ceyhun Bayramov görülən işlərlə bağlı dövlətimizin başçısına ətraflı məlumat
verdi.
Bildirildi ki, Təhsil Nazirliyi və Koreya
Respublikasının “KT Konsorsium” şirkəti arasında imzalanan saziş əsasında
2016-cı ildə yaradılan Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi
beynəlxalq təhsil standartlarına əsaslanan, qlobal sənaye ehtiyaclarına hazır rəqabətqabiliyyətli
kadrlar hazırlığını həyata keçirən peşə təhsili müəssisəsidir.
Mərkəzdə sənaye qurumlarında istehsal proseslərini təşkil
edən və innovativ texnologiyalarla işləmək bacarığına malik olan mütəxəssislərin
hazırlanması nəzərdə tutulur.
Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən
lenti kəsdi. Prezident İlham Əliyev Peşə Təhsil Mərkəzində yaradılan şəraitlə
yaxından tanış oldu.
Bildirildi ki, Mərkəz Koreya Respublikasının peşə təhsili
modeli əsasında qurulub. Mərkəzdə nəzəri
və praktiki bacarıqların formalaşdırılması üçün bütün şərait yaradılıb. Burada
təhsil alanlara avtomobilə texniki xidmət göstərməkdən tutmuş İKT-nin yenilikləri
əsasında formalaşan modellər öyrədiləcək. Ən müasir maddi-texniki baza ilə təchiz
edilən mərkəz 8 fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq imkanını
nəzərdə tutur. Tədris prosesi tam yeni formatda Koreyada təlim keçmiş ixtisaslı
mütəxəssislər tərəfindən təşkil olunacaq. Bu ixtisaslar üzrə təhsilini başa
vuran tələbələr üçün davamlı təhsil və geniş iş imkanları yaradılacaq. Onlar öz
ixtisaslarını praktiki şəkildə reallaşdırmaq bacarıqları və vərdişlərinə yiyələnəcəklər.
Səkkiz texniki ixtisasla yanaşı, Mərkəzdə qısamüddətli ixtisasartırma kursları
da təşkil olunacaq. Həmçinin tələbələr beynəlxalq sertifikatlı kurslarda
iştirak edə biləcəklər.