Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və
"Helind" şirkətinin təşəbbüsü ilə mərkəzin təhsilalanları üçün
“Alternativ enerji mənbələri və bu sahədə karyera imkanları” mövzusunda
maarifləndirici vebinar keçirilib.
Vebinarın təşkilində əsas məqsəd xüsusi karantin rejimi dövründə
avtomatika və elektrotexnika ixtisasları üzrə təhsilalanlar üçün alternativ
enerji mənbəyi sahəsində istifadə olunan texnologiya və cihazlar haqqında
müzakirələrin təşkilidir.
Alternativ enerji mənbələri mövzusunda baş tutan vebinarda
təşkilatçılar enerji mənbələrinin istehsalında istifadə olunan texnologiyalar
barədə təqdimatlarla çıxış ediblər. Vebinarda "Helind" şirkətinin
İcraçı direktoru Tamerlan Quliyev bildirib ki, hazırda ənənəvi enerji mənbəyi
kimi karbohidrogen ehtiyatlarının məhdudluğu və ətraf mühitin çirklənməsinin
qarşısının alınması dünyada alternativ və bərpa olunan enerji mənbələri
hesabına istehsal olunan enerjinin həcminin artırılmasını zəruri edir. Bu
istiqamət üzrə görülən işlərin genişlənməsi səbəbindən bir sıra ixtisaslı
kadrlara ehtiyac yaranır.
Bununla yanaşı, mərkəzin təhsilalanları üçün gələcək karyera
seçimi ilə bağlı tövsiyyələr də bölüşülüb.
Vebinar ərzində iştirakçılar tərəfindən ünvanlanan suallar
cavablandırılıb.
Qeyd edək ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil
Mərkəzi tərəfindən şirkətlərlə birgə digər sahələr üzrə də vebinarların təşkili
nəzərdə tutulur.