Tədbirlər
< Geriyə qayıt

Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi mövzusunda seminar

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində  “Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf  Mühitin Mühafizəsi” mövzusunda cəmiyyətin hər bir üzvü üçün maraqlı, eyni zamanda   insan sağlamlığının  qorunmasına xidmət edə biləcək  vacib amillərə həsr olunan  tədbir keçirilib.

Müzakirələrdə iştirak edən tələbə və işçi heyəti beynəlxalq  standartlar əsasında hazırlanmış “SƏTƏM” haqqında ümumi məlumatlandırma”  ilə yaxından tanış olublar. İştirakçılar üçün  maraq doğuran təlimin əsas qayəsi ondan ibarət idi ki, “SƏTƏM” sahəsində bütün işçilər və tələbələr iş yerlərində və təcrübə  ərazisində  təhlükəsizlik prinsiplərinə əməl edə bilsinlər. Onlar istər özlərinin, istərsə də ətrafdakıların  daha az risklə  üzləşməsi üçün təlqin olunan bilik və bacarıqlara yiyələnməklə    maariflənmiş olsunlar  və çalışdıqları, təhsil aldıqları, təcrübə keçdikləri  ərazilərdə özlərinin və ətrafdakıların  təhlükəsizliklərini sığortalasınlar. Ümumiyyətlə, bu tədbirin keçirilməsində əsas məqsəd  hamını  ayıq-sayıq olmağa, çalışdıqları, təhsil aldıqları, təcrübə keçdikləri  ərazilərdə, yolda, küçədə və sair yerlərdə diqqətsizliyə yol verməməyə çağırmaq idi. Diskussiya şəraitində  davam edən müzakirə zamanı iştirakçıları maraqlandıran  bütün suallar da ətraflı izahat verilməklə  cavablandırıldı.

Sonda  həyatımızın bütün sahələrində təhlükəsizliyə əməl olunmasının vacibliyinə diqqət çəkərək  vurğulandı  ki, hər bir kəs fövqəladə hallar zamanı idarəetmə prinsiplərinə uyğun  hərəkət etməli, “SƏTƏM”in əhəmiyyətini,  “SƏTƏM” İdarəetmə Sisteminin elementlərini, beynəlxalq və yerli qanunvericiliyin tələblərini, işəgötürənin və işçilərin “SƏTƏM”ə dair öhdəliklərini bilməlidir. Belə olan halda heç kim  nə öz həyatını təhlükə altına atar, nə də ətrafdakılara ziyan vura bilər.

Maraqlı keçən müzakirədə “SƏTƏM” məsləhətçisi Kamil Manaflı “Alışan və zəhərli qazlar”, “Qazıntı təhlükəsizliyi”, “Qapalı sahəyə giriş”, “Hündürlükdə iş”, “Təhlükəli maddələr və bioloji təhlükələr”, “Təhlükələrə qarşı nəzarət tədbirlərinin görülməsi”, “Sağlamlığa zərərli maddələrə nəzarət (COSHH & MSDS)”, “Hadisə nədir və hadisənin növləri”,  “Hadisələrin araşdırılması və məruzə olunması”, “Ətraf mühitin idarəetmə sistemi”, “SƏTƏM mədəniyyəti”, “Biliklərin və təlimin qiymətləndirilməsi” və sair mövzular  barədə  ətraflı məlumat verib.