Sənaye və
İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində peşəyönümü üzrə təbliğat
işlərinin aparılması, gənclərin peşəyə istiqamətləndirilməsi üçün müəllim və
pedaqoji-mühəndis heyətindən ibarət təbliğat qrupları yaradılıb. Təbliğat işinə
məsul olan qruplar tərəfindən ümumtəhsil məktəblərində silsilə görüşlər
keçirilir. Peşəyönümü işinin optimal şəkildə təşkili məqsədilə təqdimatlar həyata
keçirilir, bukletlər və digər əyani məlumat daşıyıcı sənədlər paylanılır.
Bu məqsədlə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət
Peşə Təhsil Mərkəzinin əməkdaşlarının iştirakı ilə Bakı şəhəri 183 və 284 nömrəli
tam orta məktəblərdə peşəyönümü istiqamətində maarifləndirmə tədbirləri
keçirilib. Tədbirdə məktəbin rəhbər və müəllim heyəti, valideynlər və IX-XI
sinif şagirdləri iştirak edib.
Tədbirdə peşə təhsilinin vacibliyi, yeni istifadəyə
verilmiş mərkəzin imkanları, işəgötürənlərlə əməkdaşlığın perspektivlərindən
söz açılıb. Həmçinin mərkəzdə tədris olunan 8 texniki ixtisas haqqında ətraflı
məlumat verilib.
Tədbir çərçivəsində
şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Sonda şagirdlərə
sorğu vərəqələri paylanılıb və gələcəkdə üstünlük verəcəyi peşə ixtisasları barədə
qeydlər aparılıb.