Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Otokoç Azərbaycan” MMC və Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azərbaycan) nümayəndələri ilə görüş keçirilib. Əməkdaşlığın qurulması məqsədilə keçirilən görüşdə Mərkəzin pedoqoji-mühəndis heyəti və tələbələri də iştirak edib.
Görüş zamanı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət
Peşə Təhsil Mərkəzinin direktoru Rəşad Xanlarov mərkəz haqqında ətraflı məlumat
verib, strateji inkişaf hədəflərindən danışıb. Rəşad Xanlarovun sözlərinə görə,
mərkəz istedadlıları aşkar etməyi, onların müvafiq sahədə inkişafına şərait
yaratmağı, fərqli yaş qruplarından olan şəxslər üçün təhsil imkanları təqdim
etməyi qarşısına məqsəd qoyub.
Görüş iştirakçıları mərkəzin cari standartlara tam
cavab verən maddi-texniki bazası, təcrübəli və ixtisaslı kadrları ilə yaxından
tanış olmaq imkanı əldə ediblər. Nümayəndə heyətinin üzvləri peşə təhsili müəssisəsinin
infrastrukturu ilə yaxından tanış olub, burada çalışan mütəxəssislər ilə gələcək
perspektivlərə dair fikir mübadiləsi aparıb, emalatxanalarda və tədris-mühazirə
otaqlarında dərs prosesini izləyiblər.
Bildirilib ki, “Otokoç
Azərbaycan” MMC ilə birgə fəaliyyət peşəkarlıq səviyyəsinin artırılması ilə
bağlı razılaşdırılmış ixtisaslar üzrə kadr hazırlığı və gələcək kadr
ehtiyaclarının ödənilməsi istiqamətində müsbət nəticələr verəcək.